Aksiyalar tələblər yerinə yetirilənədək davam etməlidir - AKTUAL  

10:36 22.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ictimaiyyət nümayəndələrinin, ekofəalların erməni separatçılarının sülhməramlıların gözü qarşısında ərazilərimizdəki yeraltı mədənləri istismar etməsi və bununla bağlı monitorinqin aparılmasına şərait yaradılmaması səbəbi ilə Laçın – Xankəndi yolunda başlanan dinc aksiya günlərdir davam edir.  Bu günə qədər də “Ekoloji terrora son” şüarı ilə keçirilən aksiyanın şərtləri yerinə yetirilmir. Bu minvalla aksiya nə vaxta qədər davam edə bilər?

“Azərbaycan ictimaiyyəti Laçın yolunda etiraz aksiyaları keçirməklə suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı cinayətkarlara qarşı sərt və barışmaz mövqe nümayiş etdirir. Bu etirazlar həm beynəlxalq dairələrə, həm də Qarabağdakı pozucu, talançı qüvvələrə ciddi mesajdır”.

Bu barədə hafta.az-a aksiya iştirakçısı, ADU-nun III kurs tələbəsi, gənc könüllü Səma Vahabzadə bildirib. S.Vahabzadə qeyd edib ki, Azərbaycan ərazilərində ekoloji terror törədilməsi, təbii ehtiyatlarımızın ermənilər və havadarları tərəfindən talan edilməsi dərhal dayandırmalıdır.

“Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Bu talançılıq hazırda da davam edir. Rusiyalı sülhməramlıların bu əməllərə göz yumması təəssüf doğurur.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bu durum Azərbaycan xalqı tərəfindən haqlı olaraq hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur. Son bir neçə gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani sübutudur. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir”.

S.Vahabzadə aksiyaya 13 dekabr 2022-ci il tarixində qoşulduğunu deyib. Gənc tələbə Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirməklə, maddi-mədəniyyət abidələrini yer üzündən silməklə, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi, mineral su mənbələrini, meşə fondunu -246,217 hektar meşə sahəsi, 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talan etməsi faktlarına diqqət çəkib.

“Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir təbiət incisidir. Ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtı ilə təbiət möcüzəsini xatırladırdı. Ermənilər işğal dövründə buranı da talayaraq məhv ediblər. Bu gün qədim Şuşa, Topxana meşəsində ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyruş, saqqız ağacı, qarağac əkilib və əraziyə 100 kiloqram palıd toxumu səpilib".

Bu gün bu haqlı mübarizədə yüzlərlə gənclə bərabər aksiyada iştirak etdiyini deyən gənc tələbə, bundan qürur duyduğunu bildirib.

AMİP sədri Arzuxan Əlizadə hafta.az-a bildirib ki, Azərbaycan ərazisində, Azərbaycan dövlətinin iradəsindən kənar hər hansı bir addımın atılması, xüsusilə də Qarabağda erməni separatçıları tərəfindən Azərbaycanın sərvətlərinin talanması, istismar olunması heç bir halda qəbul edilə bilməz. Partiya sədri bildirib ki, aksiya öz məntiqi nəticəsini əldə edənə qədər  davam etməlidir. Azərbaycan vətəndaşları, rəsmi qurumlar ərazilərimizdə separatçıların məskunlaşdığı ərazilərdə istənilən yerə daxil olmalı və ərazidə yerləşmiş rus hərbi kontingenti buna mane olmamalıdır.

A.Əlizadə bildirir ki, üçtərəfli bəyanatın imzalanmasından keçən 2 il ərazində rus hərbi kontingenti öz vəzifələrinin öhdəsindən gəlmir: “Onların fəaliyyəti təqdir olunmamalı və bəyannamədə nəzərdə tutulduğu müddətdən tez ərazidən çıxıb getməlləri ilə bağlı mövqe ortaya qoyulmalıdır”.

ALDP sədri Fuad Əliyev hafta.az-a bildirib ki, Laçın-Xankəndi yolunda davam edən dinc aksiya dünya ictimaiyyətinə çatdırılmalıdır. Əks halda proses beləcə səssiz qarşılanmaqla davam edə bilər. Partiya sədri Qarabağla bağlı Azərbaycanın mövqeyinə qarşı ikili yanaşmaların olduğunu  qeyd edərək, bütün hallarda susmamağı doğru sayıb.

Onun fikrincə, bu günlər ərzində Azərbaycan ictimaiyyəti yetərincə aktivlik göstərib, amma xarici ölkələrdə olan səfirlərimiz, eləcə də diasporalarımız aksiyanın əsl mahiyyətini və ermənilərin əsl simasını açılmasında lazımi işlər görə bilməyib. Partiya sədri aksiyanın dünya ictimaiyyətinə çatdırılmasında diasporaların, xaricdə olan səfirliklərin bu prosesə qoşulmasının vacibliyini qeyd edib: “Xaricdə fəaliyyət göstərən səfirliklər yenə də “qış yuxusu"na gediblər. Niyə bu aksiya ilə bağlı səfirlər fəaliyyət göstərdikləri ölkələrdə tədbirlər keçirmir, dinc aksiyanın mahiyyətini ictimaiyyətə çatdırmırlar? Azərbaycan XİN-in bəyanatları var. Azərbaycanın Fransaya yeni təyin olunan səfiri hörmətli Leyla xanım Abdullayeva “Le Monde” qazetinə etiraz bildirir, Fransa cəmiyyətinə dinc aksiyanın mahiyyətini çatdırır. Fransada, erməniyə dəstək verən ölkədə! Azərbaycanın 75 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 Baş Konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir”.

 ALDP sədri bildirir ki,  aksiyaçıların tələbləri yerinə yetirilmədikcə, erməni separatçıları öz durumunu ağırlaşdırır: “Ya ermənilər Azərbaycan ərazilərində yaşadıqlarını dərk edib, ölkənin qanunlarına tabe olmalıdır, ya da yol açıqdır. Əks halda, Azərbaycan ərazisində özbaşınalığa, cinayətkarlığa  son qoymaq üçün antiterror əməliyyatları keçirməlidir. Rusiya sülhməramlıları üçtərəfli sazişə əsasən öz missiyalarını düzgün icra etməyə çağırılmalıdır. Həmin Laçın yolundan qeyri-qanuni yolla Qarabağa gəlib, orada məskunlaşan Vardanyan və Arutunyan kimi cinayətkarları öz ərazisindən çıxarmaq üçün Azərbaycanın həm mənəvi, həm hüquqi, həm də hərbi gücü yetərincədir. Hələ ki, Azərbaycan ictimaiyyəti Qarabağda dinc aksiyalar keçirir. Amma bunun bir nəticəsi olmalıdır...”.